Nigah duaları (#4780)

*Bəhai nigahı iki tərəfin ittifaqı və səmimi sevgi bağlılığıdır. Onlar, bununla belə, bir-birinin xasiyyətləri ilə tam tanış olmaları üçün çox ciddi diqqət göstərməlidirlər. Bu əbədi bağın etibarlılığı sarsılmaz əhdlə möhkəmləndirilməlidir və məqsəd ahəng, yoldaşlıq və birlik yaratmaq və əbədi həyata yetişmək olmalıdır.

*Evlilik əhdi-peymanı ayəsi Kitabi-əqdəsdə şərtləndirildiyi kimi, ayrıca bəy və gəlin tərəfindən Ruhani Məhfilin qəbul etdiyi ən azı iki şahidin hüzurunda söylənməlidir:

"Biz hamımız, həqiqətən, Allahın iradəsinə tabe olacağıq."
Odur Əta Edən və Kəramətli! Qədim, Daimi, Dəyişməz və Əbədi Allaha həmd olsun! Özü Öz Varlığına şəhadət vermiş Allah ki, O, həqiqətən, Tək, Vahid, Qeyri-Məhdud və Ucadır. Biz isə Onun vəhdaniyyətini qəbul edərək və Onun təkliyini etiraf edərək şəhadət veririk ki, həqiqətən, ondan başqa Allah yoxdur. O, əzəldən Özünün əlçatmaz yüksəkliyində, ucalığının zirvəsində, Özündən başqalarının zikrindən müqəddəs, Özündən özgələrin vəsfindən pakdır.

Və o zaman ki, O, bəşərə öz fəzl və ehsanını zahir etməyi və dünyanı nizama salmağı iradə etdi, O hökmlər nazil eylədi və qanunlar yaratdı; onların arasında O, nigah hökmünü müəyyən etdi, onu rifah və nicat qalası kimi təsis etdi və bizə Onun Ən Müqəddəs Kitabında müqəddəslik səmasından nazil etdiklərini əmr etdi. Cəlalı ulu olan Allah buyurur: "İzdivaca girin, ey insanlar, ta ki, Mənim bəndələrim arasında Məni zikr edənlər dünyaya gəlsin. Bu Mənim sizlərə hökmümdür; özünüzə yardımçı kimi ondan möhkəm yapışın."

-Bahá'u'lláh
-----------------------

Nigah duaları (#4781)

Odur Allah! Ey misilsiz Rəbb! Öz qüdrətli hikmətinlə Sən ümmətlərə nigah bağlamağı əmr etdin ki, bu dünyada insanların nəsilləri bir-birini əvəz etsin və həmişəlik, dünya durduqca onlar Sənin vahidlik Astananda özlərini bəndəlik və ibadət, alqış, pərəstiş və şükrlə məşğul etsinlər. "Mən ruhları və insanları ancaq mənə ibadət etmək üçün yaratdım!" 1(Quran, 3:67) Ona görə də öz Rəhmaniyyət səmandan, Sənin məhəbbət yuvanın bu iki quşunun nigahını kəs və onları daimi fəzli cəzb edən vasitə eylə; ta ki, bu iki məhəbbət dənizindən zərif bir dalğa qalxsın və inci kimi nəcib nəsillərin mirvariləri həyat dənizi sahilinə tökülsün. " O, bu iki dənizi açıb buraxdı ki, onlar bir-biri ilə govuşsunlar: Onların arasında keçilməyən bir sərhəd vardır. Onda Rəbbinizin hansı bəxşişlərini inkar edə bilərsiniz. Hər birindən O, iri və kiçik incilər çıxarır."2 (Quran, 56:62)

Sən Ey Mehriban Allah! Bu nigahı mərcan və incilər yetirməyə nail eylə. Sən, həqiqətən, Ən Qüvətli, Ən Ulu, Həmişə Bağışlayansan.

-`Abdu'l-Bahá
-----------------------

Nigah duaları (#4782)

Alqış Sənə, Ey mənim Allahım! Həqiqətən, Sənin bu bəndən və bu kənizin Sənin mərhəmətinin kölgəsinə daxil olub və Sənin lütf və səxavətinlə qovuşublar. Ya Rəbb! Sənin bu dünyanda və mələkutunda onlara yardım eylə və Öz kəramət və fəzlinlə onlara hər cür xeyir-bərəkət qismət eylə. Ya Rəbb! Onları Sənə bəndəlikdə müvəffəq eylə və Sənə xidmətdə onlara yardım et. Onlara izn ver ki, Sənin Adının bu dünyada nişanələri olsunlar. Bu dünyada və axirətdə tükənməz bəxşişlərinlə onları hifz eylə. Ya Rəbb! Onlar Sənin mərhəmət səltənətinə yalvarır və Sənin təklik hökmranlığını diləyirlər. Həqiqətən, onlar Sənin hökmünə itaət etməklə evləniblər. Onları sonadək ahəng və birlik nişanələri eylə. Həqiqətən, Sən Qadirsən, Hər Yerdə Var Olan və Qüvvətlisən!

-`Abdu'l-Bahá
-----------------------

Nigah duaları (#4783)

Ey mənim Allahim, Ey mənim Allahim! Bu iki gözəl ay tək nurlanmiş bəndələrin, Sənin Müqəddəs Astananda bəndəlikdə qovuşmaqla və Sənin Əmrinə xidmətdə birləşməklə, Sənin məhəbbətində nigah bağlayıblar. Bu izdivacı Öz xeyir-bərəkətlərinin sönməz işıqları eylə, Ey mənim Mərhəmətli Rəbbim, və Sənin bəxşişlərinin parlaq şüaları et, Sən Ey Kəramətli və Həmişə Bəxşedən Allah, ta ki, bu gözəl ağac elə pöhrələr versin ki, onlar Sənin feyz buludundan yağan lütflərinlə yaşıllaşıb böyüsün və çiçək açsınlar.

Həqiqətən, Sən Səxavətlisən. Həqiqətən, Sən Ən Qüdrətlisən, Həqiqətən, Sən Şəfqətli və Ən Mərhəmətlisən.

-`Abdu'l-Bahá
-----------------------

